IQNA

Əqidə prinsipləri; Tövhid / 7

Dinin yanlış təhlili

20:08 - December 24, 2022
Xəbər sayı: 3493463
Materialist meyllər insan cəmiyyətləri arasında dinin mənşəyi haqqında yanlış təhlillər təqdim etmişdir. Bu təhlillərdən birində yoxsulluğun dinə və Allaha meylin amillərindən biri olduğu vurğulanır.

Dinə inanmayanlar – materialistlər kimi – dinin ortaya çıxma səbəbini təhlil etmək və əsaslandırmaq məcburiyyətində qalırlar. Onların təhlil və əsaslandırmalarının bəzilərinin psixoloji, bəzilərinin isə iqtisadi aspekti var ki, bunların hamısı reallıqdan uzaqdır. Əlbəttə ki, bir çoxunun əsassızlığı indi üzə çıxıb.

İnsan cəmiyyətləri arasında dinin mənşəyi ilə bağlı materialistlər dinə və Allaha meylin amilləri kimi yoxsulluq, cəhalət, qorxu kimi şeyləri qeyd etmişlər. Həmçinin dinə meyldə ağıl və fitrət faktorunu rədd etməyə çalışmışlar.

  Materialistlər deyirlər: “İnsanların dinə və Allaha meylinin amillərindən biri də yoxsulluqdur. Bunu izah edərkən deyirlər: "Kapitalistlər kasıbların və fəhlələrin haqqını qəsb etmək istədikləri üçün din deyilən bir şey yaratdılar ki, yoxsulları sömürsünlər. Onlar cəmiyyətdəki imkansızlara dünyanın heç bir dəyəri olmadığını və səbir etməli olduqlarını göstərirlər. Çünki Allah səbir edənləri sevir. Deyirlər, yoxsulluqla keçinin və heç vaxt üsyan və inqilaba başlamayın. Önəmli olan axirətdir. Ona görə də kapitalistlər məhrum təbəqəni hərəkətsizləşdirən sözlərdən sui-istifadə edir və bununla da onları susmağa məcbur edirlər!

Bu səhv və məntiqsiz təhlilin əsassızlığı bir neçə səbəbə görə tamamilə aydındır.

  Birinci: Səbir zalım insanlara təslim olmaq demək deyil. Necə ki, Qurani-Kərim buyurur: "Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin)" (Bəqərə, 194). Belə bir yanlış təsəvvürü dinə necə aid etmək olar?

İslamda yanlış işlədilmiş və təhrif edilmiş bütün sözlər üçün düzgün və təsirli bir məna vardır. İntizar çəkmək, susmaq mənasına gəlmir. Necə ki, günəşi gözləmək gecələr qaranlıqda qalıb, çıraq yandırmamaq demək deyildir. Yayı gözləməyin mənası qışda istilik cihazımızın olmaması deyil.

Səbrin mənası zülmə dözmək deyil. Daha doğrusu, səbir zalıma qarşı və haqqı əldə etməkdə əzmkar olmaqdır. İslam buyurur: "Kim düşməndən malını almaq və ya onu qoruyarkən ölərsə, şəhid olar. Yəni haqqı əldə etmək üçün ömrünün sonuna qədər səbir etməlisən".

İslam dini kapitalistlərdən qanuni olmayan malı alıb sahiblərinə verməklə yanaşı, məhrumlara da deyir: "kapitalist qarşısında təvazökarlıq haramdır. Kim var-dövlət xatirinə kiminsə qarşısında özünü alçaltsa, dininin üçdə biri məhv olar. Kim puluna görə varlı adamı isti və hörmətlə qarşılasa, Qiyamət günü Allah ona qəzəblənər. Heç vaxt kiməsə pulu olduğuna görə üstünlük verməyin. Yalnız imkanlı adamların oturduğu süfrədə oturmamalısınız. Necə ki, Allah övliyalarının və ilahi peyğəmbərlərin həyat tərzi bu ideyanın reallaşmasının təzahürüdür.

İkincisi: Əgər kapitalistlər dini yaradıblarsa, peyğəmbərlər zalım kapitalistlər qarşısında kasıbları təşviq edib, onları üsyana məcbur etməməlidirlər.

Üçüncüsü: Din kapitalizmi məhdudlaşdırır və bir çox gəlir mənbələrini qadağan edir. Rüşvətxorluq, tərəzidə aldatmaq, baha satmaq, sələmçilik, mənimsəmə və oğurluq dində qəti şəkildə rədd edilir. Aydındır ki, kapitalist heç vaxt onun sərvət toplamağına mane olan bir dinin yaranmasının tərəfdarı deyil.

Materialistlərin başqa bir əsaslandırması dinin yoxsullar tərəfindən yaradılmasıdır. Yoxsullar dini rahatlıqları üçün yaratdılar. Kasıblar bu iddiaya əsaslanaraq deyirlər: “Bizim dünyamız yoxdursa, eybi yoxdur, əvəzində axirətimiz var, axirətim daha xeyirlidir. İşə, bazara getməkdənsə, məscidə gedib ibadət edirik”.

Bu təhlil də yanlış və qərəzlidir. Dinin harası tənbəllik və hərəkətsizliyin tərəfdarıdır? Həzrət Əli (ə) çoxlu bağlar yaradıb becərmiş, su kəmərləri tikmişdir! Əkinçi, fermer, dülgər və ya dərzi olan ilahi peyğəmbərlərin həyatı dində bu səy və təlaş ruhiyyəsini göstərir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha