IQNA

İbn Aşur təfsirinin xüsusiyyətləri

11:06 - January 07, 2024
Xəbər sayı: 3495254
İQNA – Böyük Tunis təfsirçisi və keçmiş mədəniyyət nazirinin nəvəsi Məhəmməd Əl-Əziz ibn Aşur bildirib ki, İbn Aşurun təfsiri Ərəb Məğrib bölgəsində 10 ön sözlə başlayan ilk tam Quran təfsiridir.

“İQNA”-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İbn Aşurun təfsiri Quranın təfsirində tədqiqatçılara çox kömək etmişdir. Bu böyük müfəssir birinci müqəddimədə təfsir və təvil arasındakı əlaqəyə toxunmuş və təfsirində öz fərqini bildirmiş və ayələrin nazil olma səbəblərini açıqlamışdır.

İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının səyləri ilə şənbə günü, yanvarın 6-da Tehran Universitetində “Allahın risalətləri” adlı ilk beynəlxalq Quran konfransı keçirilib.

Böyük Tunisli alim, fəqih və təfsirçi Məhəmməd Tahir ibn Aşurun (h. 1296-1393) nəvəsi Məhəmməd Əl-Əziz ibn Aşur İrana ilk dəfə gəldiyini və Quran konfransında iştirak etdiyini bildirdi.

Məhəmməd Əl-Əziz bu sözləri söylədi: “İbn Aşur kimi tanınan Məhəmməd Ət-Tahir ibn Məhəmməd ibn Məhəmməd Ət-Tahir Ət-Tunisi (1879-1973) tunisli alim və ziyalı, müfəssir, fəqih, ərəb dili və ədəbiyyatı alimidir.

O, Əndəlus əsilli tunisli ailədə anadan olub. İbn Aşurun ailəsinin hamısı din alimləri idi və Quran təhsilində fəallıq göstərirdilər. Təhsilini başa vurduqdan sonra Zeytuniyyə Universitetində fiqh, şəriət məqsədləri, hədis elmləri və Quran təfsiri üzrə dərs deməyə başlayıb. O, müasirlərinin zehnini işıqlandırmağa, dini elmlərdə təhsil səviyyəsini yüksəltməyə çalışmışdır. O, islahatçı yanaşmanı qəbul etdi.

İbn Aşurun islahatçı baxışları Tunisdə məşhurlaşdı və dövrün inkişafı ilə ayaqlaşmağın zəruriliyini vurğuladı.

O, öz fikirlərini təlimlərində, yazılarında, çıxışlarında hər mühitdə cəsarətlə və çəkinmədən təkrar edirdi. İbn Aşur Tunisdə Maliki məzhəbinin Şeyxülislamı titulunu qazandı. Onun islahatçı baxışlarına görə rəqibləri var idi. O, 1960-cı ilə qədər Zeytuniyyə Universitetinin rektoru olmuş, daha sonra dövrün prezdentinin müqaviməti ilə bu vəzifədən uzaqlaşdırılmışdır. Nəhayət, 90 yaşında dünyasını dəyişdi.

Böyük tunisli təfsirçinin nəvəsi İbn Aşur onun təfsirinin xüsusiyyətlərini belə izah etmişdir: “İbn Aşur təfsirinin əsl adı Təhrirul-Mənis-Sədid ve Tenvirul-Əqlil-Cədid min Təfsiril-Kitabiil-Məcid”dir. İbn Aşur təfsirinin adını ilk dəfə bu cür qoysa da, sonralar bu adı qısaldaraq “Ət-Təhrir vət-Tənvir minət-Təfsir” adlandırmışdır.

Bu giriş hissəsindən sonra İbn Aşurun təfsiri Quran elmlərindən bəhs edən on fəsillə (ön söz) başlayır. Birinci müqəddimədə təfsirə tərif verir və təfsirin müstəqil bir elm olduğunu altı dəlillə izah edir. Həmçinin təfsir və təvil arasındakı əlaqəyə toxunur. İkinci müqəddimədə o, təfsir elmindən qidalanan ritorika, rəvayət, tarix və fiqh üsulu kimi elmlərdən bəhs edir. Üçüncü müqəddimədə dirayət təfsirinin doğruluğunu izah edir, ezoterik və işari təfsir hərəkətlərini müqayisə edir. Dördüncü müqəddimədə İbn Aşur təfsirdə səkkiz əsas məqsədin olduğunu və təfsirçinin vəzifəsinin onları aydın üslubda çatdırmaq olduğunu bildirir. Beşinci müqəddimədə ayələrin nazil olmasının səbəbi, altıncı müqəddimədə qiraətlərdən, yeddinci müqəddimədə Quran hekayətlərindən, səkkizinci müqəddimədə ayələrin adları, surələrdən və onların ardıcıllığından bəhs edilir. Doqquzuncu müqəddimədə isə Quranın həqiqi, məcazi və mütəşabih mənalarından bəhs edilir. Nəhayət, İbn Aşur onuncu müqəddiməni Quran möcüzəsinə həsr edir.

Xəbərə görə, konfransda İran İslam Respublikasının Radio və Televiziyası, Qurani-Kərim Təşkilatı, İslam Mədəniyyəti və İrşad Nazirliyi, İlahiyyat Fakültəsi və Xarici İşlər Nazirliyi də iştirak edib.

Bu tədbirin təşkilində məqsəd İran İslam Respublikasının Quran imkanlarını beynəlxalq arenada təbliğ etmək, beynəlxalq Quran qarşılıqlı əlaqələrini asanlaşdırmaq və səmərəli etmək, İran və İslam dünyasının Quran şəxsiyyətlərinin interaktiv şəbəkəsini yaratmaqdan ibarətdir.

4192382

captcha