IQNA

Quran surələri / 110

Nəsr surəsində İslamın gələcəyi haqqında Quran xəbərləri

8:55 - September 10, 2023
Xəbər sayı: 3494718
TEHRAN (IQNA) – Qurani-Kərimin bir hissəsi gələcəklə bağlı xəbərlərdir; Məsələn, müsəlmanların qələbələri və İslamın bütün dünyaya yayılması xəbərləri.

Qurani-Kərimin yüz onuncu surəsi “Nəsr” adlanır. Üç ayədən ibarət olan bu surə Quranın otuzuncu cüzündə yer alır. Mədinədə nazil olan "Nəsr" surəsi, Peyğəmbərə (s) nazil olan 102-ci surədir.

Bu surəyə bu adın verilməsinə səbəb bu surənin birinci ayəsində müsəlmanların Allahın köməyi ilə qələbə çalmasından bəhs edən “Nəsr” kəlməsinin işlənməsidir.

Bu surə gələcəklə bağlı iki hadisədən bəhs edir. Birinci ayədə birinci hadisə qeyd olunur: “Allahın köməyi və zəfəri gələndə”. Bir çox təfsirçilər bu ayədə zəfərin mənasını müsəlmanların Məkkəni fəth etməsi kimi qiymətləndirmişlər. Çünki Məkkənin fəthi Peyğəmbərin (s) dövründə baş vermişdir. Bu, şirk və bütpərəstliyin aradan qalxmasına və Məkkənin Allahın mərkəzinə çevrilməsinə səbəb olan hadisəsir. Bundan sonra İslam yayıldı və müsəlmanlar daha çox qələbələr qazandılar.

Bu surədə qeyd olunan ikinci hadisə, bir qrup insanların İslamı qəbul etmələri ilə bağlı gələcək xəbərlərdir: “Sən insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını görəcəksən".

Allah öz peyğəmbərinə bu müjdəni verir ki, gələcəkdə insanlar qrup halında Allahın dininə və ya İslama üz tutacaqlar. Bu xəbəri Məkkənin fəthindən və müsəlmanların qələbə çalmasından və bütpərəstlərin məhv edilməsindən sonrakı dövr aid etmək olar. Çünki o dövrdə müxtəlif şəhərlərdən qrup və qəbilələr müsəlman olmaq üçün Məkkəyə gəlirdi.

Ancaq bu məsələni sonrakı əsrlərə də aid etmək olar. Çünki İslamı qəbul edən müxtəlif xalq qrupları və ölkələr dünyanın müxtəlif yerlərində yayılmışdır.

Üçüncü ayədə bu iki müjdəli və müəyyən xəbəri elan etdikdən sonra İslam Peyğəmbərinə (s) üç mühüm əmr verir: "Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri (çox) qəbul edəndir!

“Təsbih” Allahı hər cür eyb və nöqsandan təmiz bilmək, “Həmd” Allahı tırif etmək, “İstiğfar” isə bəndələrin zəiflik və nöqsanlarına qarşı bağışlanma diləməsidir.

Bu böyük zəfər göstərdi ki, Allah öz dostlarını tək qoymur, Allah vədinə əməl etməyə qadirdir. Həmçinin bəndələri Onun əzəməti qarşısında öz nöqsanlarını etiraf edirlər.

captcha