IQNA

Quran surələri / 105

Quşlar vasitəsilə Allahın qüdrətinin nümayişi

10:04 - August 13, 2023
Xəbər sayı: 3494595
TEHRAN (IQNA) - Ən mühüm tarixi-dini hadisələrdən birində Yəmən şahı Kəbəni dağıtmağa çalışsa da, Allah bir möcüzə ilə qüdrətini göstərdi və Kəbənin dağıdılmasının qarşısını aldı.

Qurani-Kərimin 105-ci surəsi “Fil” adlanır. Bu surə 5 ayədən ibarətdir. Otuzuncu cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan “Fil” İslam Peyğəmbərinə (s) nazil olan 19-cu surədir.

Bu surə “Fil əsahabının” hekayəsindən bəhs etdiyi üçün “Fil” adlanır. Onlar Kəbəni dağıtmaq üçün fillərə minən bir dəstə idi.

Bu surədə Allahın Kəbəni Yəmən torpağından filə minərək gələn kafirlər ordusundan xilas etməsi ilə bağlı məşhur tarixi əhvalatdan bəhs edilir. Bu əhvalatı xatırlamaq İslamın məğrur düşmənlərinə xəbərdarlıqdır ki, onlar Allahın qüdrətinə qarşı heç də güclü deyillər.

Kəbəni dağıtmaq istəyən Yəmən şahı Əbrəhə adlı şəxs idi. Əbrəhə Yəməndə hakimiyyətə gəldikdə, Məkkənin müqəddəs və mühüm mövqeyini gördü. Müxtəlif şəhərlərdən insanların bu şəhərə necə getdiyini gördü. Bunun səbəbini Kəbə evi hesab edərək, böyük və gözəl bir kilsə tikdi ki, Kəbə ilə maraqlananları ora çəksin. Lakin camaat bu kilsəni xoş qarşılamadı. Buna görə də çoxlu sayda fil topladı və ardıcılları ilə birlikdə Məkkəyə doğru hərəkət etdi. Bu şəhərin camaatı Əbrəhənin qoşununu görəndə qorxdular və şəhəri boşaltdılar.

Səhər Əbrəhə Kəbəyə getməyə hazırlaşarkən çoxlu sayda quş dimdiklərində və pəncələrində daşlarla onlara tərəf uçdu. Quşlar daşları Əbrəhənin ordusunun başına atdılar. Tarixi kitablarda deyilənlərə görə, heç bir daş hədəfi deşmədikcə yerə düşmədi. Kiminsə qarnına dəydisə, onu paraladı. Kiminsə sümüyünə dəydisə, onu sındırdı. Əbrəhənin də başına və bədəninə daş o qədər dəydi ki, bədəni dağıldı.

Deyilənə görə, bu, miladi 570-ci ildə baş verib və o il, “Fil ili” adlanıb; Məhəmməd peyğəmbər (s) də həmin ildə doğulub.

captcha