IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 8

"Ət-Tibyan", Qurani-Kərimə yazılan ilk kamil şiə təfsiridir

20:17 - November 22, 2022
Xəbər sayı: 3493301
Şeyx Tusinin "Ət- Tibyan fi Təfsiril-Quran" təfsiri Qurani-Kərimin şiə alimi tərəfindən yazılmış ilk təfsiridir. Bu əsərdə Quranın bütün surə və ayələri təfsir olunub. Bu səbəbdən xüsusi bir əsərdir.

Bu təfsirdə sərf, nəhv, məani, bəyan, hədis, fiqh, kəlam və tarix kimi hər cür Quran elmləri və fənlərindən istifadə edilib.

Şeyx Tusi və Şeyxut-Taifə kimi tanınan Məhəmməd ibn Həsən ibn Əli ibn Həsən hədis və fiqh sahəsində ən məşhur şiə tədqiqatçılarından biridir. Tusi 23 yaşında Xorasandan İraqa gəlmiş və Şeyx Mufid və Seyyid Mürtəza kimi ustadların hüzurundan istifadə etmişdir. Abbasi xəlifəsi Əl-Qaim Billah Bağdadda ilahiyyat tədrisi kafedrasını ona həvalə etdi.

Daha sonra Nəcəf şəhərinə gedərək orada ustadlıq və elmi fəaliyyətə başlayıb. Şeyx Nəcəfdə yaranmış xaotik təhsil vəziyyətini qaydaya salıb, dərs dərnəkləri təşkil edə bildi. Tezliklə Nəcəf şəhəri şiəliyin elmi və intellektual mərkəzinə çevrildi.

Şeyx Tusi Bağdadın rasionalist teoloji məktəbinin rəhbərlərindən biri olub. O, öz ustadlarının metodunu davam etdirmiş və təkmilləşdirmişdir.

O, dini elmlərin müxtəlif sahələrində kitablar yazmışdır. Həmçinin şiənin elmi ictimaiyyətində tapdığı nüfuz və çoxlu tələbələr yetişdirdiyi üçün şiə alimlərinin təfəkküründə qalıcı təsir buraxmışdır. Şiənin fiqh və əqidəsində ictihad və rasionalizm Şeyx Tusinin səyləri ilə şiələr arasında hakim üsula çevrilmişdir. Bir neçə əsrdir ki, əxbariçiliyin (xəbərə əsaslanan metodun) hökmranlığına son qoymuşdur. O, Usul-fiqh və ictihad elmini dirçəldən və şiə fiqhinə ictihadı gətirən ilk şəxs hesab olunur.

“Ət-Tibyan” təfsirində  Şeyxut-Taifənin təfsir üsulu

Əvvəldə qeyd edildiyi kimi, "Ət-Tibyan" kitabı şiələr tərəfindən yazılmış və Quranın bütün surələrini özündə əhatə edən ilk təfsirdir. Şeyx Tusidən əvvəlki şiələrin təfsirləri yalnız Quran ayələrinin təfsirində rəvayətlər gətirməklə məhdudlaşırdı. Şeyx Tusinin istər şiə, istərsə də sünni olan bütün alimlərin rəylərinə diqqət yetirməsi və digər təfsirçilərin təfsir fikirlərinin tənqidi və nəzərdən keçirilməsi, İslamdan əvvəlki ərəb ədəbi mətnlərindən istifadə və Quranda çətin sözlər haqqında məlumatların təqdim edilməsi bu təfsirin digər xüsusiyyətlərindəndir. Həmçinin Quran ayələrinin qiraət fərqliliyi, fiqhi, kəlam və ritorik məsələlərə də bu təfsirdə işarə edilib.

Şeyx Tusi Quran ayələrinə istinad edərək Quranı insan ağlının dərk edə biləcəyi bir mətn hesab edir. Habelə Quranı başa düşməyin yeganə yolunun hədislərə istinad etməkyin olduğunu hesab edən rəvayətləri qəbul etmir.

Şeyx Tusinin bu əsərdəki üsulu əvvəlki şiə təfsirləri ilə müqayisədə yenidir. Sanki ilk şiə təfsiridir ki, təkcə təfsir rəvayətlərini toplamayıb, həm də təhlil, dəyərləndirmə və ictihad da etmişdir.

"Ət-Tibyan" təfsiri “çox mənbəli” və ya “ətraflı” sayılır. Bu üsulda təfsirçi öz təfsir anlayışında Quran, rəvayətlər, ağıl kimi bir neçə təfsir mənbələrindən və sənədlərdən istifadə edir.

Hər bir surənin məzmununun mahiyyəti və ardıcıllığı aşağıdakı kimidir: "Başlanğıcda surələrin adlarından, Məkkə və Mədinə surələri olmasından və bəzi digər xüsusiyyətlərindən bəhs edir. Sözlərin hərfi mənası, oxunuş fərqləri, sintaktik və ritorik məqamlar, daha sonra ayənin təsviri və təfsiri və bu barədə müxtəlif fikirlər kitabın digər məzmunları sırasındadır".

captcha